06

Noy

Tovuzda “sazlı-sözlü kəlağayı günləri” keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə ‘Tovuz rayonunun Abulbəyli Kənd Folklor Evində tədbir keçirilib. Tədbir nəticəsində sazlı-sözlü konsert, ”Anam kəlağaylı bir muğamıydı…” kitabının təqdimatı, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.

Abulbəyli Kənd Folklor Evində baş tutan tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda şirin canlarlndan keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib , Azərbaycan himni səsləndirilib.

Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ”Sazlı-sözlü Kəlağayı Günləri” çərçivəsindəki tədbirlər noyabrın 1-də Naxçıvandan başlayaraq bu gün Tovuzda davam edir və noyabrın 26-dək ölkəmizin ayrı-ayrı şəhərlərində – Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qur umlarının dəstəyi ilə sazlı-sözlü görüşlərimiz keçiriləcək, kəlağayımızın təbliği davam edəcəkdir.

Sonra Tovuz rayonu, Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan kəlağayının yaradılması, yaşadılması və təbliğinin vacibliyindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Nazim Məmmədov, Azərbaycan Skautlar Assosiyasının Tovuz lideri Günay Abdullayeva, Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri- şair Brilyant Atəş, Tamam Yaralı kəlağayı haqqında maraqlı xatirələri, düşüncələri, şeirləri ilə iştirakçılara xoş anlar bəxş ediblər.

Tədbirdə şəhid Aqil Əliyevin atası Aydın müəllimin, şəhid bacısı Ziyafət xanımın, şəhid analarının çıxışı, iştirakı, şəhid Rəfail Hüseynovun nəvəsi Nuray İsmayılzadənin şəhidlər haqqında şeiri hər kəsə qürurverici anlar yaşatdı.

Tovuz rayon Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin rəqs ansamblı, solistləri- Fariz Namazlı, Qabil Namazov, Elcan Məmmədov, Elşən Ələkbərov, Eşqin Xəlil, Vüsalə Quliyeva, azyaşlı könüllü solist Nuranə Tağızadə, Tovuz rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən bədii gimnastika dərnəyinin üzvləri qızlardan ibarət rəqs qrupu, Aşıq Əsəd Rzayev adına musiqi məktəbinin ” Misri” qrupu öz zəngin repertuarları ilə iştirakçılara xoş ovqat bəxş ediblər.

Sonda xatirə şəkili çəkilib.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.