29

İy

Ruhiyyə Rəsulova – “Vətən oğulsuz olmasın”

 

Bu günlərdə Naxçıvanda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin nəşr etdirdiyi “Vətən oğulsuz olmasın” kitabının təqdimat mərasimi keçirildi. Kitabda xalq şairi Mirvarid Dilbazinin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirləri toplanıb. Müdrik insan, böyük dövlət adamı Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü nəzmə çəkən Mirvarid xanım yazırdı:

 

Bizim yolumuz çətin,

İradəmiz sarsılmaz,

İnamımız da birdir

Bu yol ağır savaşlı

Bizim bu günümüzdən

Aydın sabaha gedir.

Qanı doğma qanımız,

Milli qəhrəmanımız!

Xalqımızın ər oğlu!

Millətə rəhbər oğlu!

 

Millətin rəhbər oğluna güvənərək ölkəsini aydın sabahlara çıxacağını poetik dillə gələcək nəsillərə çatdıran Mirvarid Dilbazi yaradıcılığı millilik, vətənpərvərlik ruhundadır. Ta keçmiş dövrlərdən milli ruhun qoruyucusu və daşıyıcısı olan ədəbiyyat, vətənpərvər gəncliyin yetişməsinə də töhfə verib. Tədbirdə iştirak edən şəhid anaları da “Oğul düşmən çəpəridir, vətən oğulsuz olmasın” dedilər. Bakıdan Naxçıvana qonaq gələn Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvlərinə şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova evinin qapılarını açdı. Böyük ürəkli ana, qəhrəman oğul yetişdirən Azərbaycan qadını öz qonaqpərvərliyini sərgilədi. Qonaqlarla birgə şəhid Xansu Qurbanovun ocağında olduq. Şəhidimizin anası Yəmən xanıma dövlətimiz tərəfindən verilən iki otaqlı mənzil Xansunun şəkilləri ilə bəzədilib. Hansı tərəfə dönsən, igidin baxışları ilə qarşılaşırsan. Qurbanovlar ailəsinin yeganə oğul övladı olan Xansunun yoxluğuna bacıları hələ də inanmır. 3 övladını təkbaşına böyüdən Yəmən ana var gücünü Xansunun xatirəsini yaşatmağa həsr edir.

Xansu Qurbanov 23 sentyabr 2000-ci ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilinə 15 nömrəli tam orta məktəbdə başlayıb. Məktəb Milli Qəhrəman Mirəsgər Seyidovun adını daşıyır. M.Seyidov birinci Qarabağ müharibəsinin cəsur döyüşçülərindən olub. Xansu onu özünə örnək seçmişdi. Vətənin əsgəri olacaq, döyüş yolunu davam etdirəcəkdi. Məktəbi bitirəndən sonra Xansu Qurbanov hərbi xidmətə yollanır. Xidməti dövründə qərarını qətiləşdirir: Hərbçi olacaq, Vətənin keşiyində duracaqdı. Beləliklə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi arzusunu reallaşdırır. Təlimlərdə iştirak edir, bilik və bacarıqlarını artırır.

27 sentyabrda başlayan müharibəyə qatılmaq üçün Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları ruh yüksəkliyi ilə səfərbər olurlar. İlk yollanan dəstənin tərkibində Xansu Qurbanov da vardı. Döyüş yolu Füzulidən, Xocavənddən, Tuğ kəndindən, Qırmızı bazardan keçir. Sonuncu dayanacaq Şuşa olur. Heç görmədiyi, amma uşaqlıqdan xəyal etdiyi Qarabağın tacı – Şuşa. Son ana qədər döyüşən Xansu düşmən gülləsinə tuş gəlir, müqəddəs torpaqda müqəddəs məqama ucalır. Anası Yəmən xanım deyir ki, Tuğ kəndində döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısının alınmasında fəal iştirak edib. Füzulidən Şuşayacan döyüşüb. Üzərinə düşən vəzifəni şərəflə yerinə yetirib. Canını fəda edib. Hər ananın arzusu olur. Mən onu həkim kimi görmək istəyirdim, lakin o, qəhrəman olmağı seçdi. Torpağın yaralarını sardı. Nəyə görə Şuşanı müqəddəs hesab edirik?! Çünki o torpağa Xansu kimi gənclərin qanı axıb. Dövlət başçısı İlham Əliyev bu şəhəri həm də bizim cəsarətimizin rəmzi adlandırmışdır.Təsəllim budur ki, Xansu sevərək seçdiyi peşənin ən ali məqamına yüksəldi. Tutduğu yoldan geri çəkilmədi, cəsarət göstərdi, hünər göstərdi.

Xansu Qurbanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Yəmən ana ilə və qonaqlarla sağollaşıb ayrılırıq. Qapısı hər kəsin üzünə açıq olan Yəmən ana xatirimdə həmişə belə qalacaq: mehriban, qonaqpərvər, dəyanətli və ən əsası igid Xansunun anası…

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.