11

Dek

Respublika Gənclər Kitabxanasında “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbiri giriş sözü ilə açan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı təqdimatı keçirilən “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində nəşr edildiyini və ilk təqdimatının M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirildiyini qeyd etdi. Güllü Tomarlı kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşündə söylənilən nitqlərin, səsləndirilən fikirlərin, Mirvarid xanımın xalqın müdrik oğluna həsr etdiyi şeirlərin toplandığını bildirərək, kitabın növbəti təqdimatlarının Sabirabad, Bərdə, Ağsu və digər bölgələrdə keçiriləcəyini söyləyib.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova tədbir iştirakçılarını salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Respublika Gənclər Kitabxanasında həyata keçirilən layihələr, təşkil edilən tədbirlər, kitab təqdimatları, hazırlanan materiallar haqqında geniş məlumat verib. Ulu Öndərin ədəbiyyat, mədəniyyət, poeziya sahəsinə olan qayğısından, şair və yazıçılara olan dərin hörmət və ehtiramından söhbət açaraq, “Vətən oğulsuz olmasın” kitabında toplanan faktların tarixi əhəmiyyət daşıdığını, Ulu Öndərin Xalq şairinə olan xoş münasibətinin bariz nümunəsi olduğunu bildirib. Uzun illər Qarabağ həsrəti ilə yaşayan Mirvarid Dilbazinin qazanılan tarixi qələbə sayəsində bu gün ruhunun şad olduğunu bildirib.

 

Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi çıxışında Ümummilli Liderin hər zaman Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini bildirərək, şair və yazıçılar tərəfindən ədəbiyyatımızın böyük hamisinə minlərlə nəzm və nəsr nümunələrinin həsr olunduğunu bildirdi. Mirvarid Dilbazinin Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairələrdən biri olduğunu dilə gətirərək, anası ilə bağlı xatirələrini bölüşüb.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, şairə Səadət Buta Ulu Öndər Heydər Əliyevin daima mədəniyyətimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi məsələsinə xüsusi həssaslıqla yanaşmasından, Azərbaycan mədəniyyətinin inciləri hesab edilən poeziya, muğam, aşıq sənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb.

 

Tədbirdə çıxış edən digər natiqlər kitabla bağlı fikirlərini söyləyərək, bu səpkili tədbirlərin, kitab təqdimatlarının, müəllif görüşlərinin kitabxanalarda, kitab məbədlərində keçirilməsinin əhəmiyyətindən danışdılar.

 

Tədbir boyunca bəstəkar, müğənni Yaqut Almazın ifasında Mirvarid Dilbazinin sözlərinə bəstələnmiş mahnılar, şeirlər səsləndirilib.

 

Sonunda Güllü Eldar Tomarlı “Vətən oğulsuz olmasın” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edib və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.

By Vüsal Ağa|Kateqoriyasız|0 comment

Comments are closed.