Milyonçunun yoxsul qızı

Milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma ithaf

Milyonçunun “yoxsul” qızı

Hakimlər əvvəlcə saymayıb bizi

Sonradan verirlər qiymətimizi…

Biz ucuz oluruq,

Qəbrimiz əziz.

Dəfn mərasimi neçə şirin söz,

Neçə odlu nitqlə çıxış edirlər,

“Milli borclarını verib “əyanlar”.

Sonra təşəxxüslə çıxıb gedirlər.

Mərhum əziz olur ancaq bircə gün.

Sonra yadlarmdan çıxır büsbütün,

Qəbir də, qəbirdə adsız yatan da.

Sənin fəlakətin sığmayır sözə:

Acı təhqirlərə sən dözə-dözə

Köhnə çantan dolu sənədlər ilə

Hey qışı, yazı,

Min-min qapı açdın, ey vətən qızı!

Çox sərt üzlər gördün, sözlər eşitdin,

Atanın haqqını dananlar ilə

Sən qəhrəman kimi döyüşə getdin.

Saçların ağardı,

Belin büküldü,

Üstünə nə qədər sərsəri güldü.

Qəbul otaqları qarşısında sən

Oturub aylarla qəbul gözlədin.

Ədalət hökmünü verəcək, dedin

Ədalət özü də onda qan qusdu,

Zindanlar güncündə o da məhbusdu.

Gah qəbul etdilər səni salamsız,

Oldular dediyin sözə inamsız.

Atdılar üstünə sənədlərini

Dedilər: – Sən kimsən, bil öz yerini

Milyonçu qızısan, bir utan barı,

Dərin basdırmışıq milyonçuları.

Danışdın, sözünü dinləmədilər,

Hara getdinsə də yox-yox dedilər,

Hakim aqil olsa el dolandırar,

Nadanı milləti oda yandırar.

O zaman danıldı nə qədər haqlar,

“Stol ağaları” bizim qorxaqlar

Atanın haqqım belə dandılar,

Əliqanlılara çox inandılar

Elə ki dövranın hökmü dəyişdi,

O əliqanlılar zirvədən düşdü

Çıxdı əsarətdən yazıq insanlar,

Çıxdı “qadağandan adlar, ünvanlar”

Dar gündə xalqına kömək olanlar

Tanındı kim imiş milyonçu atan,

Yetmiş il torpaqda o adsız yatan

Ey əzablar çəkmiş qəhrəman qadın!

Bunu eşidəndə güldün, ağladın.

Sevincdən ağzmda titrədi dilin,

Sənin dərdlərini unutmaz elin.

Xanım doğulmuşdun sən doğulanda,

Öldün xanım kimi yenə son anda.

Yoxsulluq hissini heç duymadın sən

Cünki zənginlərdən zengindin mənən

O zəngin ruhuna min rəhmət sənin!

Unutmaz heç zaman səni vətənin.

Qəbrinin üstünü güllər bəzəyir,

O sərtüzlülər yox, ellər bəzəyir.

1992