12

Mar

Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi

Əziz Mirvarid xanım, əziz bacımız!

Mən bu möhtəşəm yubileyiniz münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət və yeni yaradıcılıq uğurları arzulayıram.

Mən ürək sözlərimi sizə göndərdiyim təbrik məktubunda yazmışdım. Ancaq bugünkü yubiley gecəsi, bu salonda olan sevinc, şadlıq və sizin yaradıcılığınızın nümunələrini Azərbaycan incəsənət ustalarının ifasında yenidən eşitməyimiz, duymağımız məni çox hissiyyata gətirdi və mən öz təbrik sözlərimi sizə bir daha demək istəyirəm.

Əziz Mirvarid xanım, siz 85 illik şərəfli ömür yaşamısınız, bu gün də yaşayırsınız və ümidvaram ki, yaşayacaqsınız və 100 illik yubileyinizi də sizinlə birlikdə təntənə ilə bayram edəcəyik. Sizin şərəfli ömrünüz, 70 illik məhsuldar yaradıcılığınız Azərbaycan tarixinin ədəbiyyatının ayrılmaz hissəsidir və onların parlaq səhifələridir. Siz bu əsri – XX əsri sona çatdırırsınız və 70 ildir ki, xalqımıza, millətimizə, ölkəmizə, vətənimizə sədaqətlə, öz fədakar əməyinizlə, parlaq yaradıcılığınızla xidmət edirsiniz. Sizin şerləriniz, poemalarınız, bütün əsərləriniz neçə-neçə nəsillərə güc, inam verib və bu gün də verir, gələcəkdə də verəcəkdir. Sizin əsərləriniz Azərbaycan xalqına – insanlara, gənclərə yüksək mənəviyyat hissləri aşılayır, insanları paklığa, mənəviyyata, ülvi duyğulara çağırır. Siz bütün əsərlərinizlə vətənimizə, xalqımıza sədaqətlə xidmət edərək, xalqımızın milli azadlıq yolunda öz payınızı vermisiniz. Sizin əsərləriniz insanlarımızda, xalqımızda, gənclərdə milli hisslər, duyğular, vətənpərvərlik, azadlıq hissləri, duyğuları oyadıb, dirçəldib, gücləndirib, inkişaf etdiribdir və bugünkü səviyyəyə gətirib çıxarıbdır.

Siz Azərbaycanın istiqlaliyyəti yolunda fədakar bir əsgərsiniz. Ona görə də siz müstəqil Azərbaycanın ən yüksək mükafatı olan “İstiqlal” ordeninə layiq görülmüsünüz. Bu gün öz çıxışınızda dediniz ki, bu istiqlalı asanlıqla qazanmamışıq. Doğrudur, çox doğru sözlərdir. Xalqımız bu istiqlalı asanlıqla qazanmayıbdır. Bu istiqlal bir gündə qazanılmayıbdır. Bu istiqlala gedən yol uzun, çətin, keşməkeşli olubdur, böyük itkilərlə müşayiət edilibdir. Ancaq xalqımız bu istiqlaliyyətə doğru inamla gedib və bu gün biz hamımız xoşbəxtik ki, Azərbaycan öz istiqlaliyyətinə artıq nail olub, biz müstəqil ölkədə yaşayırıq.

Mirvarid xanım, siz 30-cu illərdən başlayaraq Azərbaycan şerini, ədəbiyyatını inkişaf etdirən böyük və çox gözəl şairlər, yazıçılar dəstəsinin bu günlərə gəlib çatmış yeganə nümayəndəsisiniz. Bəli, bu 30-cu illər Azərbaycanda yeni şairlər, ədiblər, yazıçılar nəsli meydana gəlmişdi. Onlar gənc idilər, onlar Azərbaycanın ədəbiyyat, şer ənənələrini davam etdirmək missiyasını öz çiyinlərinə götürmüşdülər.

Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev, Mirvarid Dilbazi, Nigar Rəfibəyli – sizlər və sizin həmkarlarınız o illər Azərbaycan ədəbiyyatını çiyinlərində daşıyıb yüksəklərə qaldırmısınız. Siz bu gün bizim aramızda o nəslin yeganə nişanəsisiniz. Məhz buna görə də siz bizim üçün bütün başqa səbəblərlə yanaşı çox əzizsiniz.

Azərbaycanda keçmiş əsrlərdə də qadın, xanım şairlər olmuşdur. Məhsəti Gəncəvi, Ağabəyimağa Ağabacı, Heyran xanım, Aşıq Bəsti, Xurşudbanu Natəvan – onlar keçmiş əsrlərdə Azərbaycan qadınının nə qədər yüksək mənəvi-intellektual zirvələrə qalxmasını sübut etmişlər və bütün dünyaya nümayiş etdirmişlər. Bunlar bizim milli iftixarımızdır. XX əsrdə də qadın şairlərimiz bu gözəl ənənəni davam etdirmişlər. Bunu XX əsrdə davam etdirən ən görkəmli qadın şairlərimiz Mirvarid Dilbazi və Nigar Rəfibəyli olmuşlar.

Mənim xatirimdədir, biz kitablarda, ədəbiyyat dərsliklərində, şer kitablarında Azərbaycan şairlərinin şerlərini böyük məhəbbətlə oxuyurduq və bunların içərisində Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin şerləri xüsusi yer tuturdu. Qadınlardan bizim sonra da çox gözəl şairlərimiz yarandı, inkişaf etdi. Onlar çoxdurlar. Mən onlardan Mədinə Gülgünü və Hökumə Büllurini də bu gün xatırlamaq istəyirəm.

Şair olmaq asan deyil. Təkcə bizim xalqımızın tarixində yox, bütün dünya xalqlarının tarixində şairlər, yazıçılar, alimlər adətən kişilərdən olubdur. Ancaq qadınlardan olan şairlər xüsusi hörmətə malikdirlər. Onlar gərək nə qədər yüksək istedada malik olsunlar ki, kişilərlə bərabər səviyyədə, bəlkə onlardan da üstün səviyyəyə qalxaraq, şerlər yazaraq, böyük şairlər dəstəsinə qoşula bilsinlər.

Əziz bacım Mirvarid Dilbazi, siz məhz belə bir insansınız, qadınsınız, şairsiniz. Azərbaycan xalqı sizinlə fəxr edir. Çünki siz XX əsrin tarixi bir şəxsiyyətisiniz, Azərbaycan ədəbiyyatının, şerinin klassikisiniz.

Bugünkü yubiley mərasimi şer axşamıdır. Ümumiyyətlə, xalqımız şer sevən xalqdır. Bu, bizim xalqımızın milli xüsusiyyətidir və biz bununla fəxr etməliyik. Şer axşamları keçmiş zamanlarda da həmişə xalqımızın, xüsusən ziyalılarımızın çox gözəl ənənəsi olmuşdur. İndi mən salondakı bu mühiti seyr edərək düşündüm, – son illərdə bizim yazıçılarımızın, şairlərimizin, mədəniyyət, incəsənət xadimlərimizin yubileylərini təntənə ilə qeyd etməyimiz həqiqətən şer axşamlarına çevrilibdir. Bu, çox gözəl ənənədir. Təkcə biz, salonda oturanlar yox, Azərbaycan televiziyasının bütün tamaşaçıları bu gün canlı yayımla bu gözəl mənzərəni, şer axşamını, bizim əziz bacımız Mirvarid xanımın gözəl yubileyini seyr edib, şübhəsiz ki, hamı bundan çox gözəl mənəvi qida alıbdır.

Bugünkü yubiley mərasiminin indiyə qədər olan yubileylərdən fərqli bir xüsusiyyəti vardır. Bu gün biz böyük şairimiz Mirvarid Dilbazinin 85 illik yubileyini qeyd edirik. Eyni zamanda biz bu gün gözəl Azərbaycan qadını, anası – qeyrətli, namuslu, ismətli, fədakar Azərbaycan qadını Mirvarid Dilbazinin yubileyini qeyd edirik.

Qadına hörmət hər bir millətin başucalığıdır. Bizim millətimizin tarixi ənənələri həmişə qadınlara hörmət etməyi tövsiyə etmişdir. Biz bu gün də, gələcəkdə də ölkəmizdə, cəmiyyətdə qadını uca tutmalıyıq, qadına hörmət etməliyik. Qadın cəmiyyətin bərabərhüquqlu üzvüdür. Ancaq eyni zamanda, qadın anadır. Qadın bizim uşaqlarımızı tərbiyə edir. Bunları edən qadındır, anadır. Ona görə də ana, qadın hər bir Azərbaycan oğlu üçün müqəddəs bir məfhum olmalıdır.

Mirvarid xanım Dilbazi Azərbaycan qadınının, anasının ən parlaq, ən gözəl nümunəsidir. Bütün bunlara görə bugünkü yubiley axşamı, bu təntənəli gecə bu qədər gözəl, səmimi keçir, salondakılara, güman edirəm ki, televiziyaya tamaşa edənlərin hamısına böyük sevinc, məhəbbət hissi gətiribdir.

Mirvarid xanım, bu sevinc hissi ilə, sizə olan hədsiz məhəbbət hissi ilə sizi bir daha ürəkdən təbrik edirəm. Sizə yeni uğurlar arzulayıram.

Bugünkü bu gözəl gecəni yaradanlara, səhnədə bizim ətrafımızda olan Azərbaycanın incəsənət, mədəniyyət xadimlərinin hamısına ürəkdən təşəkkür edirəm. Mən hər bir ifaçıya çox diqqətlə baxırdım, dinləyirdim. Onu deyə bilərəm ki, bu gün bu səhnədə bu yubiley təntənəsini keçirən, Mirvarid Dilbazinin şerlərini səsləndirən, onun şerlərinə bəstələnmiş mahnıları bizə çatdıran bütün musiqiçilər, müğənnilər, aktyorlar, aktrisalar hamısı birlikdə bunu çox böyük məhəbbət hissi ilə edirdilər. Onlar bütün bunları çox gözəl ifa etdilər.

Əziz mədəniyyət xadimləri, mən sizin hamınıza təşəkkür edirəm. Güman edirəm, siz də sevinirsiniz ki, bu axşam bu cür gözəl bir vəzifəni yerinə yetirmisiniz. Sağ olun.

Əziz Mirvarid xanım, mən sizi öpürəm, sağ olun.

By mirvari-admin|Kateqoriyasız|0 comment

Comments are closed.