OXU, RƏŞİD

Rəşid Behbudova ithaf

Oxu, Rəşid!

Qışda dağlar açsın çiçək,

Oxu!

Olaq elə həzin,

Elə kövrək,

Yaz buludu kimi dolaq,

İsti yağan yağış olaq.

Elə keçək özümüzdən,

Könlümüzün çəməninə

Şeh çilənsin gözümüzdən…

Xəyal xəyala calansın,

Ürəyimiz havalansın,

Sönmüş ocaqda od yansın,

Kül altında “qor” közərsin,

Xəyaimız Gül bağlarında gül dərsin.

Oxu! Şimşək kimi çaxaq,

Həsrət bəndlərini yıxaq,

Ürəkdə sellər çağlasın,

Yarpaq tökmüş könlümüzün

Gülləri qönçə bağlasın…

Bülbüllər gəlsin bu bağa.

Oxu, Ələsgər dililə:

Səni yetirən torpağa,

Səni böyüdən bu xalqa

Olsun canımız sadağa.

 

1989