MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ƏKSİ QARŞISINDA

Üzündə xalqının böyük kədəri,

Xəyalımda vətən xatirələri.

Öldü yurdumuzun igidi, əri,

Qəbri qazılmadı öz torpağında.

Azərbaycan! – dedi o son nəfəsdə,

Bir xalqın həsrəti vardı bu səsdə,

Üçrəngli bayrağı başının üstə

Öldü, o müqəddəs söz dodağında.

Ruhuna min rəhmət, Məhəmməd Əmin!

Yurdu qurtarmağa etmişdin əmin.

Apardın könlündə bu elin qəmin…

Yurdun dar günündə, yaman çağında.

Zamanın nə qanlı hökümləri var!

Könlümün inləyən çox simləri var…

Adım çəkməyə yoxdu ixtiyar.

Türksən, rahat yat sən türk torpağında

Ruhun pərvaz etsin cənnət bağında.