15

Okt

Beynəlxalq Muğam Mərkəzində şair Səadət Butanın yaradıcılıq gecəsi keçirilib

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış şair Səadət Butanın 70 illik yubileyinə və 58 illik yaradıcılıq fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə qonaqlar “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü ilə nümayiş edilən Səadət Butanın kitabları və Güllü Eldar Tomarlının təqdim etdiyi kəlağayılarla tanış olublar.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirin aparıcısı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı, Səadət Buta haqqında məlumat verərək qeyd edib ki, tanınmış şair Səadət Buta yaradıcılığının Azərbaycan poeziyasında xüsusi yeri var.

Tədbir çərçivəsində Səadət Butanın həyat və yaradıcılığına aid videoçarxa baxılıb.

Azərbaycan poeziyasının inkişafında göstərdiyi uzunmüddətli səmərəli fəaliyyətinə görə, xüsusilə aşıq poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə tanınmış şair Səadət Buta “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edilib. Yubiley medalını “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Dədə Ələsgərin nəticəsi Xətai Ələsgərli təqdim edib.

Tədbirdə Əməkdar artistlər Ağalar Bayramov, Nuriyyə Hüseynova, Rəhilə Bəndəliyeva, müğənni Aref Mehmandoost, aşıqlar Gözəl Kəlbəcərli, Telli Borçalı, Kəmalə Məhyəddinqızı, Aşıq Sevil Xıdırova, Rəfiqə Göyçəli, Aşıq Şaiq, Qabil Faxralı, Ramin Qarayev, şairlər Südabə İrəvanlı, Mərziyə Sarvan, Xətai rayon 59 nömrəli orta məktəbin şagirdləri İbrahimov Mübariz, Aslanlı Əsmər ifa və çıxışları ilə Səadət Butanı təbrik ediblər.

Daha sonra Səadət Buta Azərbaycan poeziyasının inkişafında göstərdiyi əvəzsiz xidmətlərinə görə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən fəxri diplomla təltif edilib.

Sonda Səadət Buta, yaradıcılığına göstərilən diqqətə görə bütün tamaşaçılara, saz-söz adamlarına öz dərin minnətdarlığını bildirib.

By Vüsal Ağa|yeniliklər|0 comment

Comments are closed.